Aleksandr Tarakanov: Olimpiadaya lisenziya qazanmağımız üçün hər cür şərait yaradılıb
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov KİV nümayəndələri ilə görüşüb və Belqradda keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıqdan bəhs edib.

Mütəxəssis komanda üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.

Baş məşqçi deyib: “Yarışda yaxşı çıxış etməyimiz və “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmağımız üçün bütün şərait yaradılıb. Dünya çempionatından sonra yenə də lisenziya xarakterli turnirlər təşkil olunacaq. Yarışda hər şey bəlli olacaq. Uşaqlar çox həvəslidirlər. Özümü sığortalamıram. Ötənilki dünya çempionatındakından daha yaxşı nəticələr göstərməyə çalışacağıq. Bu il Avropa çempionatında yaxşı çıxış etdik. Beş final var idi. Həsrət Cəfərov (67 kq) gəncdir, qızıl medal uğrunda mübarizə aparmağa hazır olduğunu sübuta yetirir. Sənan Süleymanovun (77 kq) iki ciddi zədəsi var idi, hətta o da beynəlxalq yarışa lisenziya qazana bildi. Onlar yaxşı nəticəyə kökləniblər. Heç kim zədədən sığortalanmayıb. Mən ən yaxşı məşqçi olmaq məqsədi güdmürəm. Məqsədim daha çox lisenziya qazanmağa nail olmaqdır. Uşaqlar özlərinə və bizə güvənirlər, doğru yolda olduğumuza inanırlar”.

Tarakanov qeyd edib ki, ötən il də dünya çempionatı keçirilib və ona görə də bu nöqteyi-nəzərdən hər şey yaxşı olacaq, lakin daha yaxşı nəticələr göstərmək lazımdır.

“Biz şahmat oynamırıq. Bəzən elə zədələr olur ki, qabırğamız sınır, əzələlərimiz dartılır. Bunun üçün reabilitasiya dövrü tələb olunur. Heç kim zədədən sığortalanmayıb. Bu iş komanda mübarizəsidir. Medal nə qədər çox olsa, nəticələr bir o qədər yaxşı olar. Uşaqlar buna inanırlar. İnşallah, hər şey yaxşı olacaq”, – deyə o əlavə edib.

Xəbər 104 dəfə oxundu.