Diaspor Boks Liqasının təmsilçiləri beynəlxalq turnirdə qələbə qazanıblar
Almaniyanın Halle şəhərində keçirilmiş beynəlxalq turnirdə Diaspor Boks Liqasını təmsil edən boksçular uğurla çıxış ediblər.

Komitədən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Diaspor Boks Liqasının və Heydər Əliyev adına Dünya Boks Komitəsinin birgə təşkilatçılığı ilə Volspark zalında baş tutan yarışda 16 çəki dərəcəsində qarşılaşmalar baş tutub.

Liqanın boksçuları Aleksandr Frank və Azər Soltanov peşəkar rinqdə isveçli və belaruslu rəqibləri üzərində inamlı qələbə qazanıblar.

Yarışın qalibi Aleksandr Frank müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kəmərlə təltif olunub.

Qeyd edək ki, 11 ildir Almaniyanın Maqdeburq şəhərində davamlı fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin yarışları artıq sentyabrın 1-dən nüfuzlu “BoxRec” saytındakı dünya reytinq cədvəlinə düşüb. Bu addım Ulu Öndər Heydər Əliyevin adını daşıyan kəmərlərin bütün dünyada tanıdılması məqsədilə atılıb.

Xəbər 124 dəfə oxundu.