İordaniya yığmasının baş məşqçisi: Azərbaycan millisinə hörmətlə yanaşırıq
Norveçlə oyundan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq keçmək imkanımız var idi.

Bu sözləri futbol üzrə İordaniya yığmasının baş məşqçisi Hüseyn Ammuta Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, millimiz Avropanın güclü komandalarından sayılmır: “Buna baxmayaraq, onlara hörmətlə yanaşırıq. Sabahkı matçda yaxşı nəticə qazanıb, təlim-məşq toplanışını uğurla bitirmək istəyirik”.

O, “Qəbələ”nin yarımmüdafiəçisi Omar Hanini yığmaya dəvət etməməsinə aydınlıq gətirib: “Onu izləyirik. Növbəti toplanışlarda milliyə çağırıla bilər. Daha çox sabahkı oyuna köklənmişik. Rəqibimizin son dörd görüşünü izləmişik. Vətənə yaxşı nəticə ilə qayıtmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da başlayacaq.

Xəbər 75 dəfə oxundu.