“Zirə” klubunun qapıçısı: Çempionlar Liqasının qalibi olmaq üçün hər cür şəraitimiz var idi
Yarımfinalda məğlub olsaq da, üçüncü yer uğrunda mübarizə aparıb qalib gəldik. Komandamız çempion olmağı çox istəyirdi, lakin alınmadı. Əsas odur ki, Vətənə nəticə ilə qayıtdıq.

Bu sözləri açıqlamasında minifutbol üzrə “Zirə” komandasının qapıçısı Davud Kərimi Çempionlar Liqasında üçüncü yeri tutmaları barədə danışarkən deyib.

Azərbaycan millisinin də formasını geyinən 39 yaşlı qolkiper bildirib ki, turnirin qalibi olmaq üçün komandanın hər cür şəraiti var idi: “Oradea şəhərinə getməmişdən öncə bizə stadionun geniş olacağını bildirmişdilər. Ancaq tam əksinə oldu. Təbii ki, bunların heç biri bəhanə deyil, amma yaxşı nəticə ortaya qoymaq üçün vacib amildir. Çünki biz bütün məşqlərimizi geniş stadionda etmişdik. Açığı çempion olmaq üçün bizə rəhbərlik tərəfindən də olduqca yaxşı şərait yaradılmışdı. Baş məşqçimiz Elşad Quliyev kifayət qədər güclü komanda formalaşdırıb. Buna baxmayaraq, istədiyimiz nəticəni qazanmaq mümkün olmadı. Ümid edirəm ki, gələn il komandamız daha fərqli oyun nümayiş etdirəcək. Növbəti hədəfimiz isə Azərbaycan çempionu olub ölkəmizi beynəlxalq arenada ən layiqli şəkildə təmsil etməkdir”.

Öz çıxışını da dəyərləndirən təcrübəli oyunçu əlavə edib: “Baş məşqçi oyunlar üçün iki qapıçı təyin etmişdi. Fikrimcə, hər ikimiz yaxşı oyun nümayiş etdirdik. Bu nailiyyətimizə görə həm rəhbərliyə, həm də baş məşqçimizə təşəkkür edirəm”.

Davud Kərimi son illər Azərbaycanda minifutbola marağın xeyli artdığını vurğulayıb: “Azərbaycan çempionatında iştirak edən 17 komandadan 10-unun çempionluğa oynaması ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsidir. Hər biri güclü oyunçulardan təşkil olunmuş klublardır. Hazırda üç komanda ölkəmizi Avropada təmsil edir. Bunlardan biri də “Zəngəzur”dur. Onlara uğurlar arzu edirəm. İnanıram ki, Vətənə yaxşı nəticə ilə qayıdacaqlar”.

Xəbər 76 dəfə oxundu.