Futbol üzrə Almaniya yığması bu il dörd yoldaşlıq oyununda məğlub olub
Futbol üzrə Yaponiya milli komandası yoldaşlıq oyununda dördqat dünya çempionu Almaniya yığmasını darmadağın edib – 4:1.

Almaniyanın Volfsburq şəhərində keçirilən oyunda hesabı 11-ci dəqiqədə yaponlar açıblar. Almanlar 19-cu dəqiqədə hesabı bərabərləşdirsələr də, Yaponiya yığması 22-ci dəqiqədə daha bir qol vuraraq fasiləyə üstün yollanıb.

“Gündoğar ölkə”nin futbolçuları ikinci hissənin son dəqiqələrində daha 2 qol vurmağa nail olublar. Beləliklə, 2022-ci ilin noyabrında Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Almaniya üzərində 2-1 hesablı qələbədən sonra Yaponiya növbəti dəfə bu rəqibini məğlub edib.

Gələn il Avropa çempionatına ev sahibliyi edəcək Almaniya seçmə mərhələdən azad olduğu üçün yoldaşlıq oyunları ilə formada qalmağa çalışsa da, işlər o qədər də yaxşı getmir. Belə ki, cari il ərzində 6 yoldaşlıq oyunu keçirən Almaniya yığması yalnız Peru millisinə qalib gələ bilib. Belçika, Polşa, Kolumbiya və Yaponiyaya məğlub olan almanlar Ukrayna ilə heç-heçə ediblər. Mütəxəssislər bu gedişlə baş məşqçi Hansi Flikin komandasının Avropa çempionatında qələbə şanslarının az olduğunu güman edirlər.

Qeyd edək ki, Yaponiya yığması FİFA reytinqində 20-ci, Almaniya isə 15-ci sıradadır.

Xəbər 81 dəfə oxundu.