Rusiya Cüdo Federasiyası Bakıdakı “Böyük dəbilqə” turnirinin əhəmiyyətini qeyd edib
Bakıdakı “Böyük dəbilqə” turniri rusiyalı cüdoçular üçün mühümdür, çünki bu yarışlarda Parisdə keçiriləcək Olimpiya Oyunlarının seçməsinə reytinq xalları toplamaq mümkündür.

Bu barədə TASS agentliyinə federasiyanın idman direktoru Kirill Denisov bildirib. O deyib: “Komandamız Bakıda demək olar ki, bütün liderlərin daxil olduğu güclü heyətlə çıxış edəcək. Yüksək reytinqi olan və Paris Olimpiadasına lisenziyalar verən bu turnir bizim üçün çox mühümdür. İdmançılarımızın Bakıda ən azı əvvəlki dünya seriyalarının startında olduğundan pis çıxış etməyəcəyi qənaətindəyik”.

K.Denisov əlavə edib: “Hazırda komandamız Sirius federal ərazisində yerləşən Döyüş Sənətləri Akademiyasında “Böyük dəbilqə” turnirinə yekun hazırlıq mərhələsi keçir. Məmnunluq hissi ilə qeyd edirəm ki, bu mərhələdə bizim idmançılarla yanaşı, Özbəkistan, Qazaxıstan və Bəhreyn cüdoçuları da məşq edirlər. “Rus Kodokanı”nın şöhrəti artıq ölkəmizin hüdudlarından kənarda da yayılıb, bu səbəbdən növbəti birgə məşq tədbirlərinə müraciətləri nəzərdən keçiririk”.

Bakı turniri sentyabrın 22-24-də keçiriləcək və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunacaq. 2023-cü ilin sonunadək idmançıların 2024-cü il Olimpiya Oyunlarına təsnifat xalları toplaya biləcəyi “Böyük dəbilqə” turniri daha iki şəhərdə - Əbu-Dabi və Tokioda təşkil ediləcək. Yarışlarda qazanılan qızıl medal onun sahibinə 1000, gümüş 700, bürünc isə 500 reytinq xalı gətirəcək.

Xəbər 107 dəfə oxundu.