Reziuan Mirzov: “Neftçi” böyük ənənələrə malik güclü klubdur
Səmimi qəbul üçün təşəkkür edirəm. Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki “Neftçi” həqiqətən mənimlə maraqlanırdı. Klub rəhbərliyi bu transferi tez bir zamanda reallaşdırmaq üçün, demək olar, hər şeyi etdi.

Bu sözləri Neftçi"nin yeni transferi Reziuan Mirzov klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Rusiyalı hücumameyilli yarımmüdafiəçi yeni klubu barədə xoş təəssüratlarının olduğunu söyləyib: “Neftçi” böyük ənənələrə malik güclü klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm. Açığı, “Neftçi”yə keçmək barədə heç kimlə məsləhətləşməmişəm. “Spartak”da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında bu komanda ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” haqqında danışmışdım. Solomon Kverkveliya da burada oynayırdı. Mən onu azca tanıyıram. O da mənə komanda barədə bir az danışmışdı”.

30 yaşlı vinger rəqabətin insanı artırmağa və inkişaf etməyə vadar edən əsas amil olduğunu vurğulayıb: “Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu, yaxşı haldır. Sadəcə, özünü sübut etmək və işləmək lazımdır”.

O, bildirib ki, əvvəlki klubu ilə müqaviləsi başa çatdığı üçün özünü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəlib: “Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə düşündüm ki, indi deyilsə, nə zaman? Bununla da qərar verdim ki, buraya gəlməliyəm”.

Futbolçu verilən bütün tapşırıqları layiqincə yerinə yetirməyə hazır olduğunu əlavə edib: “Məqsədimiz komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad etməkdir. Qoy, onları oyunumuz və nəticələrimizlə sevindirək ki, bizdə hər şey uğurlu alınsın”.

Qeyd edək ki, “Neftçi” Reziuan Mirzovla 1 illik müqavilə imzalayıb.

Xəbər 79 dəfə oxundu.