Polo üzrə Azərbaycan millisi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən verilən məlumata görə, Elçin Camallı, Tərlan Qurbanəliyev, Xoakin Kopello və Andres Ernesto Lorentonun təmsil olunduqları millimiz bu dəfə son qitə çempionu İtaliyaya 6-1 hesabı ilə qalib gəlib.

Çempionatın ən yaxşı oyunçusu hesab olunan yığmamızın kapitanı Elçin Camallı bu dəfə 4 qolu öz aktivinə yazdırıb. Beləliklə, yüksək nəticələr əldə edən millimiz bombardirlər siyahısında da yer alıb.

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycan millisi keçirdiyi bütün oyunlarda böyük hesabla qələbə qazanmasına baxmayaraq, finalda ev sahiblərinə 4:8 hesabı ilə məğlub olaraq qızıl medaldan məhrum olmuşdu. Həmin çempionatı ikinci sırada bitirən yığmamız üçün budəfəki qarşılaşma revanş almaq üçün gözəl imkan idi və idmançılarımız bu fürsətdən məharətlə istifadə ediblər.

Beləliklə, qrupda birinci yeri təmin edən Azərbaycan millisi son turun İsveçrə ilə oyununun nəticəsindən asılı olmayaraq, artıq yarımfinala vəsiqə qazanıb. Sentyabrın 6-da keçiriləcək digər oyunların nəticələrinə əsasən, qrup ikinciləri də müəyyənləşəcək.

Zona "B" qrupu oyunları sentyabrın 5-də keçiriləcək. Sentyabrın 6-da oynanılacaq Azərbaycan - İsveçrə matçı saat 10:30-da başlayacaq.

Xəbər 185 dəfə oxundu.