Abdulla Rzayev: “Neftçi” ilə oyunda müsbət nəticələri təkrarlamaq üçün mübarizə aparacağıq
Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”in formasını geyinmişəm. Bu komanda üçün doğma meydan amilinin necə əhəmiyyət daşıdığını yaxşı bilirdim. Yerli azarkeşlər komandaya olduqca yaxşı dəstək verirlər.

Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Abdulla Rzayev Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı müdafiəçi matça hazırlıqlı başladıqlarını bildirib: “Motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Sevindirici haldır ki, bunu bacardıq”.

Gənc oyunçu ötən mövsüm formasını geyindiyi komandaya qarşı bu dəfə rəqib qismində mübarizə aparmağın qəribə hisslər yaşatdığını vurğulayıb: “Halbuki ötən il həmin meydana “Kəpəz”ə qələbə qazandırmaq üçün çıxırdım. Rəqib qismində gəlsəm də, yerli azarkeşlər məni isti qarşıladılar. Onlara təşəkkür edirəm. Futbolçu karyerası elədir ki, ötən il Gəncə azarkeşlərini sevindirmək üçün çalışırdım, bu gün Naxçıvan futbolsevərlərinə eyni hissi yaşatmaq üçün mübarizə aparıram. Sabah necə olacaq, onu zaman göstərəcək”.

Onun sözlərinə görə, futbolda əsas nəticədir: “Əlbəttə, baxımlı oyun nümayiş etdirmək yaxşıdır, amma bunu nəticəyə çevirə bilmirsənsə, komandana ziyan vurursan. “Kəpəz”lə matçda isə nəticə əsas idi. Matçdan əvvəl hər iki komanda eyni sayda xala malik idi. Bir növ 6 xallıq görüş idi”.

Rzayev milli komandanın oyunları ilə bağlı yaranmış fasiləni komandası üçün qənimət hesab etdiyini vurğulayıb: “Çünki yay fasiləsi zamanı gec yığışdıq, təlim-məşq toplanışı keçirmədik. Komanda üzvləri indi-indi bir-birini başa düşməyə, meydanda anlamağa başlayıb. Düzdür, fasilə zamanı “Araz-Naxçıvan”ın düşərgəsində olmayacağam. U-21-in Serbiya ilə keçirəcəyi oyunun hazırlığına dəvət olunmuşam. Bir futbolçu üçün milliyə dəvət almaq, onun uğurları üçün çalışmaq hər zaman fəxrdir. Geri döndükdən sonra yenə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağam”.

Futbolçu ölkə çempionatının VI turunda “Neftçi” ilə qarşılaşmanın xeyli çətin olacağını əlavə edib: “Rəqib çempionluğa iddialıdır, yeni heyət yığıb, məşqçilər heyətini dəyişib. Amma “Araz-Naxçıvan” arxada qalan 5 turda qazandığı müsbət nəticələri bu görüşdə də təkrarlamaq üçün mübarizə aparacaq”.

Xəbər 115 dəfə oxundu.