Savat üzrə Azərbaycan millisi Avropa çempionatında 4 medal qazanıb
Xorvatiyanın Zaqreb şəhərində savat idman növünün (fransız əlbəyaxa milli idman növü) assault növü üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Savat Federasiyasından verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, milli komandamız da bu yarışda 6 idmançı ilə təmsil olunub.

Qadınların yarışında Tutu İsmayılova (48 kiloqram), kişilərin yarışında Seymur Şahbazov (56 kiloqram), Həsən Əliyev (60 kiloqram), Ağadədə Əliyev (70 kiloqram), Beyrək Bağırov (75 kiloqram) və Sənan Babazadə (80 kiloqram) mübarizə aparıb.

Federasiya prezidenti Rafiq Əliyev və yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərlik etdiyi kollektiv 4 medal qazanıb.

Seymur Şahbazov gümüş, Tutu İsmayılova, Həsən Əliyev və Sənan Babazadə isə bürünc medala layiq görüblər.

Qeyd edək ki, Tutu İsmayılova oktyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıb.

Xəbər 78 dəfə oxundu.