“Sumqayıt” klubu ilə oyun “Neftçi”nin üç futbolçusu üçün əlamətdar olub
Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt”la səfər oyunu “Neftçi”nin üç futbolçusu üçün əlamətdar olub.

Emin Mahmudov, Rəhman Hacıyev və İsmayıl Zülfüqarlı “ağ-qaralar”ın heyətində yubiley qeyd ediblər.

E.Mahmudov “Neftçi”də 200-cü oyununu keçirib. 31 yaşlı yarımmüdafiəçinin yubileyi ölkə çempionatının V turuna təsadüf edib. O, kapitanı olduğu komandanın “Sumqayıt”la səfər görüşünə start heyətində çıxıb. Mahmudov 200 qarşılaşmada 51 qol vurub. O, Premyer Liqada 158 (38 qol), Azərbaycan Kubokunda 17 (4 qol), avrokuboklarda 25 (9 qol) dəfə “ağ-qaralar”ın formasını geyinib. Təcrübəli yarımmüdafiəçi 2017/2018-ci illər mövsümündən “Neftçi”də çıxış edir. Onun debütü 2017-ci il sentyabrın 24-də “Qəbələ” ilə Premyer Liqanın səfər matçında (1:2) gerçəkləşib.

R.Hacıyev Bakı klubunda 150-ci çempionat matçına çıxıb. O, bu görüşlərdə 15 qol vurub. 30 yaşlı yarımmüdafiəçi 2014/2015-ci illər mövsümündən fasilələrlə paytaxt təmsilçisində forma geyinib. Hacıyevin debütü 2015-ci il fevralın 6-da “Simurq”la ev oyununa (0:0) təsadüf edib.

İ.Zülfüqarlı isə Premyer Liqada “50”yə çatıb. Yalnız “Neftçi”də forma geyinən 22 yaşlı yarımmüdafiəçi çempionatda 3 qol vurub. O, 2019/2020-ci illər mövsümündə debüt edib. Gənc futbolçu 2019-cu il avqustun 19-da “Sabah”a qarşı oyunda (1:1) forma geyinib.

Qeyd edək ki, “Neftçi” “Sumqayıt”a səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 81 dəfə oxundu.