Arif Əsədov: Belçika millisi ilə matçda yaxşı oyun nümayiş etdirməyə çalışacağıq
Belçika yığması kifayət qədər güclü rəqibdir.

Bu sözləri açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov AVRO-2024-ün seçmə mərhələsində Bakıda Belçikaya qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis bildirib ki, rəqibin heyətində Tibo Kurtua və Kevin De Bröyne kimi zədəli futbolçuların olması matçın gedişatına təsir göstərməyəcək: “Çünki onların kifayət qədər güclü oyunçuları var. Rəqibin adına və gücünə baxmayaraq, yaxşı oyun nümayiş etdirməyə çalışacağıq”.

İordaniya yığması ilə keçirəcəkləri beynəlxalq yoldaşlıq görüşünə də toxunan A. Əsədov bu matçın təcrübə xarakteri daşıdığını vurğulayıb: “Təbii ki, hər oyunun xüsusi strategiyası var. Matçların çox olması komandanın hazırkı durumunu görməyə və futbolçularımızın potensialına bələd olmağa şərait yaradır”.

O, “Sabah”ın yeni transferi Ayaz Quliyevin gələcəkdə yığmaya cəlb olunma ehtimalından da söz açıb: “Ayazın oyununu görməmişəm. Ona görə fikir bildirə bilməyəcəyəm. Çempionatdakı oyununu izlədikdən sonra nəsə söyləmək olar”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 12-də Belçikanı, bundan üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək.

Xəbər 98 dəfə oxundu.