“Sabah” klubunun yeni transferi: Azərbaycanı seçməyim təsadüfi deyil
Vəziyyəti dəyişmək və özümü başqa liqada sınamaq istəyirdim. Bütün həyatım boyu Rusiya çempionatında oynamışam, nəyisə dəyişməyin vaxtı çatmışdı.

Bu sözləri “Sabah” komandasının yeni transferi Ayaz Quliyev “sport24.ru” saytına açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, karyerasını davam etdirmək üçün Azərbaycanı seçməsi təsadüfi deyil: “Əvvəla, özüm azərbaycanlıyam, burada oynamaq mənim üçün rahatdır. İkincisi, “Sabah” avrokuboklar uğrunda mübarizə aparır. Komanda bu mövsüm UEFA Konfrans Liqasının seçmə mərhələ oyunlarında layiqli çıxış etdi”.

Təcrübəli futbolçu Azərbaycan çempionatında mübarizə aparmağın asan olmayacağını vurğulayıb: “Çünki burada yaxşı və məşhur komandalar çoxdur. “Qarabağ”ın Avropada necə çıxış etdiyini hamı bilir. Düşünürəm ki, indiki komandam da eyni uğuru qazana bilər. Avropa və ya Konfrans Liqasında oynamaq istəyirəm. Allah eləsin, “Sabah” Çempionlar Liqasına vəsiqə qazansın. Çətin olacaq, amma komanda yerində dayanmır. Qrup mərhələsinə düşmək onsuz da istənilən Azərbaycan təmsilçisi üçün yaxşı nəticə sayılır”.

Onun sözlərinə “Sabah”ın təklifini qəbul etməsinin daha bir mühüm səbəbi yerli çempionatın inkişafda olmasıdır: “Bunlar boş sözlər deyil. Çox adamdan soruşdum. Hamı deyir ki, liqa sürətlə inkişaf edir, müxtəlif ölkələrdən çoxlu legioner gəlir. Suallar verdim, matçlara baxdım və Azərbaycan futbolu haqqında mümkün qədər çox şey öyrəndim. Əgər avrokuboklarda oynayan komandadan sənə maraq varsa, o zaman belə bir təklifi qəbul etməlisən. Ona görə də dərhal “Sabah”a keçmək istədiyimi və bu variantın əleyhinə olmadığımı bildirdim”.

Qeyd edək ki, Ayaz Quliyev “Sabah” klubu ilə 3 illik müqavilə imzalayıb.

Xəbər 96 dəfə oxundu.