Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edəcək. Saat 18:00-da start götürəcək matçın baş hakimi Cavid Cəlilov olacaq.

İlk dörd turdan sonra maksimum nəticə göstərən “qartallar” turnir cədvəlinin zirvəsində qərarlaşıb. Xalı olmayan “qırmızı-qaralar” isə sonuncu pillədə yer alıblar.

Komandalar indiyədək ölkə çempionatında 31 dəfə üz-üzə gəliblər. Bunların 11-də bölgə təmsilçisi, 6-da isə Bakı klubu qələbə qazanıb. 14 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü nəzərə çarpır – 38:27.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda son 5 görüşdə qol vurub. “Zirə” ardıcıl 13 səfər qarşılaşmasında qalib gəlməyib.

Günün son oyununda isə “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Rauf Allahverdiyevin idarə edəcəyi görüş saat 20:30-da başlayacaq.

Üç oyundan yeddi xal toplayan “gənclik şəhəri” təmsilçisi üçüncü sırada yer alıb. Rəqibindən iki xal az yığan “ağ-qaralar” isə beşincidir.

Bu, iki kollektivin Premyer Liqada öz aralarında 44-cü dueli olacaq. Əvvəlki 43 matçın 12-si “Sumqayıt”ın, 22-si isə “Neftçi”nin xeyrinə başa çatıb. Paytaxt təmsilçisi vurulan qolların sayında da rəqibini üstələyir – 69:46.

“Neftçi” son 6 oyunda qol vurub. “Sumqayıt” isə son 9 matçda qalib gəlməyib.

Azərbaycan Premyer Liqası

V tur

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu.

20:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Kapital Bank Arena”.

Xəbər 85 dəfə oxundu.