Bakıda dünya çempionu olan atıcı: Yarışın təşkilatçılığı mükəmməl idi
Yarışın startından son günə kimi hər şey mükəmməl idi.

Bu sözləri Bakıda bu gün başa çatan atıcılıq üzrə dünya çempionatında 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan polşalı Lukaş Çapla jurnalistlərə açıqlamasında deyib.

Atlet öz çıxışından məmnun qaldığını bildirib: “Bu, mənim dünya çempionatlarında ardıcıl 9-cu medalımdır. Azərbaycana və atıcılıq mərkəzinə xüsusi təşəkkür etmək istəyirəm. Hər kəs bizə dəstək verdi və idmançıları xeyli həvəsləndirdi. Yarışın təşkilatçılığı isə mükəmməl idi”.

O, mundialın çətin keçdiyini vurğulayıb: “Bəlkə də məşqçilər bundan daha yaxşısını fikirləşirdilər. Komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki əlimizdən gələni etdik. Yarışın son günlərində medallarımızın sayında da artım oldu. Ümid edirəm ki, Paris-2024 Yay Olimpiya Oyunlarında və növbəti dünya çempionatında daha yaxşı nəticələr qazanacağıq”.

Xəbər 123 dəfə oxundu.