Nərmin Fərəcova: Yeganə istəyimiz ardıcıl qələbələrə imza atmaqdır
“Gəncə” komandasına transferlə bağlı təklif klubun prezidenti Elvar Osmanovdan gəldi. Bu klubda çıxış edəcəyim üçün çox xoşbəxtəm. Ümumiyyətlə, Gəncə şəhəri mənə doğmadır. Ailəmlə tez-tez bu şəhərdə qonaq oluram.

Bu sözləri açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü, “Gəncə” klubunun kapitanı Nərmin Fərəcova deyib.

Yeni mövsümdə Azərbaycan çempionatında debüt edəcək komandanın əsas hədəfinin çempionluq olduğunu bildirən N.Fərəcova qeyd edib ki, uğur əldə etmək üçün yorulmadan çalışacaqlar: “Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Klub yeni yaradılıb. Burada özümüzü doğrultmaq, həm bizim, həm də klubumuzun adını yüksəklərə qaldırmaq niyyətindəyik. Qalib olmaq, ardıcıl qələbələrə imza atmaq bizim yeganə istəyimizdir”.

Məşqləri Gəncədə keçirəcəklərini deyən voleybolçu artıq komandaya yeni baş məşqçi təyin olunduğunu əlavə edib: “Klubla müqavilə imzalanma mərasimində belaruslu mütəxəssis Sergey Çesnovitski ilə tanış olduq. Komanda yoldaşım, həmçinin rəfiqəm Leyla Praşkova ilə ilk dəfə əcnəbi məşqçinin rəhbərliyi altında hazırlıq keçəcəyik. Hazırda klubun heyəti formalaşdırılır. Hansı voleybolçuların kluba cəlb olunacağı barədə məlumatsızam. Amma onu deyə bilərəm ki, yeni mövsümdə çempionat çox güclü olacaq və biz də istənilən rəqib ilə başabaş mübarizə aparacağıq. Yeni mövsümlə bağlı istəklərimiz və ümidlərimiz böyükdür. Təbii ki, bütün komandalar qalib olmaq istəyir. Biz də bu istəkdə israrlıyıq”.

Yeni mövsümdən ölkə çempionatının tam fərqli olacağını bildirən N.Fərəcova bildirib ki, ötən il liqada dörd komanda mübarizə aparırdısa, bu il say altı olacaq: “Gəncə” klubu ilə yanaşı, “Buta” da yeni yaradılıb. Düşünürəm ki, bu səbəbdən çempionat oyunları çox maraqlı olacaq. Azarkeşlərin də bu oyunlardan zövq alacağına inanıram. Çempion olsaq, ölkəmizi avrokuboklarda təmsil etmək istəyərik”.

Azarkeşlərə səslənən voleybolçu onlardan dəstək gözlədiklərini qeyd edib: “Arena dolu olarsa, idmançı bir o qədər həvəsli və məsuliyyətli oynayar. Belə olan halda idmançı azarkeşləri sevindirmək və qələbə əldə etmək üçün daha gözəl performans göstərməyə çalışır. Mənim üçün tamaşaçısız matç oyun deyil. Ona görə də azarkeşləri yarışlarda bizi tək qoymamağa, bütün oyunlarda yanımızda olmağa və dəstəklərini əsirgəməməyə çağırıram. Biz də bundan həvəslənib saysız qələbələrə imza atacağıq”.

Azərbaycan Voleybol Federasiyasının ölkədə bu idman növünün inkişafı istiqamətində mühüm işlər gördüyünü bildirən N.Fərəcova vurğulayıb ki, quruma yeni rəhbərlik seçildikdən sonra kütləviliyin artırılması diqqət mərkəzindədir: “Bölgələrdə voleybol ilə məşğul olmaq istəyən yeniyetmə və gənclərin üzə çıxarılması üçün seleksiya xarakterli məşqlər təşkil olunur. Müxtəlif görüş və seminarlar keçirilir ki, bu da voleybolun inkişafına hədəflənib”.

Xəbər 106 dəfə oxundu.