Kişi cüdoçular arasında yeganə dünya çempionumuz: Sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır
Dünya çempionu titulunu qazanmağımdan on il keçir. Həmin gün yaddaşımda silinməz olaraq qalır.

Bu sözləri Azərbaycanın kişi cüdoçular arasında ilk və hələlik yeganə dünya çempionu Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mühüm hadisəni xatırlayan veteran idmançı 31 yaşında karyerasının zirvəsinə yüksəldiyini bildirib: “Yaş irəliləyir və elit idmanla vidalaşmalıyam” fikirlərinə baxmayaraq, dünya çempionu oldum. Hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır. İdmançı əzmkarlığın, ruhən gücün, nizam-intizamın sayəsində yaxşı formada qala bilər. Həmin gün mənim üçün çox gözəl və şərəfli idi, çünki tarixdə ilk dəfə Azərbaycan bayrağı cüdo üzrə dünya çempionatında dalğalandı. Beynəlxalq turnirlərdə bir neçə dəfə mükafatlandırılsam da, mundial fərqli idi”.

Hazırda gənclərdən ibarət milli komandanın baş məşqçisi olan E.Məmmədovun sözlərinə görə, cüdo onun həyatıdır: “Karyeramı məşqçi kimi davam etdirirəm. Hər turnirə idmançılarla bərabər hazırlaşıram və hər bir görüşünün həyəcanını onlarla birgə bölüşürəm. Bütün biliklərimi və təcrübəmi idmançılarla paylaşıram”.

O, idmançı karyerası ərzində topladığı təcrübəni gənc cüdoçularla bölüşdüyünü vurğulayıb: “Uğura aparan yol nə qədər çətin olsa da, şərəflidir, çünki sonu qalibiyyətdir. Gənclərə peşəkar, nizam-intizamlı, mənəvi və fiziki baxımdan güclü olmağı öyrətməyə çalışıram. Cüdo təkcə idman növü deyil, həmçinin həyat tərzidir”.

Qeyd edək ki, 2013-cü ildə dünya çempionu olan Elxan Məmmədov 3 il əvvəlki mundialda bürünc medal qazanıb. O, həmçinin 2017-ci ildə Avropa çempionatının qızıl, 2008-ci ildə gümüş, 2009 və 2010-cu illərdə isə bürünc mükafatçısı olub.

Xəbər 87 dəfə oxundu.