Azərbaycanın üç taekvondoçusu beynəlxalq yarışda finala yüksəlib
Azərbaycanın üç taekvondoçusu Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.

54 kiloqram çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov yarımfinalda yerli idmançı Aram Muradyanı məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

68 kiloqramda yarışan Vaqif Hacıyev Danil Arsentevə (Rusiya), 80 kiloqramda mübarizə aparan Eltac Qafarov isə Artyom Melnikova (Rusiya) 2:0 hesabı ilə qalib gələrək finala adlayıblar.

Pərviz İsgəndərov (68 kiloqram) isə digər rusiyalı Sergey Kirsanova 0:2 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 123 dəfə oxundu.