Bakıdakı dünya çempionatında Qazaxıstan və Ukrayna komandaları üçün uğurlu gün
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında növbəti medallar öz sahibini tapıb.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, kişilər arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəş açma növündə 384 xal toplayan ukraynalı Denis Bablyuk birinci olub. Gümüş medalı onun həmyerlisi İqor Kizima (381) əldə edib. Bürünc medal isə aktivinə 381 xal yazdıran Kris Qrosshemin olub.

Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Koreya üçüncü olub.

Qadınlar arasında keçirilən eyni növdə isə Qazaxıstanı təmsil edən atletlər uğurlu çıxışla yadda qalıblar. 378 xal yığan Aleksandra Saduakassova qızıl medala yiyələnib. 18 yaşlı Zuxra İrnazarova eyni xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Honçarova 370 xal yığaraq bürünc medal alıb.

Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci olub.

Xəbər 163 dəfə oxundu.