“Qarabağ”ın yeni transferi: “Karyeramda önəmli irəliləyiş üçün bu təklifi qəbul etmək vacib idi”
“Qarabağ”ın yeni transferi Mateus Silva Ağdam klubuna transferi və bu komandadakı debüt oyunu barədə müsahibə verib.

“Qarabağ”da debütünüz UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sı ilə ilk oyuna (2:0) təsadüf etdi və Ağdam klubundakı karyeranıza qələbə ilə başladınız. Bu cür start sizin üçün gözlənilməz olmadı?

- Həm “Qarabağ” kimi böyük bir kluba transfer olduğuma, həm debüt oyunuma, həm də qələbə qazandığımıza görə çox sevincliyəm. Oyundan əvvəl bir az həyəcanlı idim. Eyni zamanda emosiyalarıma hakim olmaqda çətinlik çəkirdim. Çünki, yeni komandamla ilk oyunum idi. Avropa Liqasında iştirak etmək arzum reallaşdı. Üstəlik, qələbə qazandıq. Bir sözlə, sevincim sevincə qarışdı.

“Qarabağ”dakı ilk oyununuzda kifayət qədər inamlı təsir bağışladınız. Hətta kənardan elə görünürdü ki, sanki illərdir bu komandada oynayırsınız...

- Debüt oyununa görə həyəcanlı olmağıma baxmayaraq, eyni zamanda özümə əminlik də var idi. Digər tərəfdən, komanda yoldaşlarım da məni yaxşı qarşıladılar. Onların dəstəyini hiss etdim. Bundan sonra ancaq qarşıdakı oyunlara fokuslanmaq lazımdır. Ümid edirəm ki, bu istəklə davam etsək, mövsümü uğurlu nəticələrlə bitirə bilərik.

Qurban Qurbanov mətbuat konfransında bildirib ki, “Qarabağ”a keçidiniz asan başa gəlməyib. Məsələnin bu qədər uzanması sizdən, yoxsa əvvəlki klubunuz olan Bolqarıstan “Lokomotiv”indən qaynaqlanırdı?

- Doğrudur, transfer prosesi xeyli qəliz alındı. Əvvəlki komandam mənim xidmətlərimə ehtiyac duyurdu. Orada əsas fiqurlardan biri hesab olunduğum üçün məni buraxmaq istəmirdilər. Elə buna görə də məsələ bu qədər uzandı. Karyeramda önəmli irəliləyiş üçün “Qarabağ”dan gələn təklifi qəbul etmək çox vacib idi. Bu səbəb keçidin sürətlənməsinə də öz təsirini göstərdi. Əsas odur ki, hazırda “Qarabağ”dayam və karyeramın burada da uğurlu olacağını düşünürəm.

Bura gələnədək “Qarabağ” haqqında nə bilirdiniz?

- Əlbəttə, “Qarabağ” haqqında məlumata sahib idim. Müntəzəm olaraq, Avropa Liqasının qrup mərhələsində iştirak edir. Özüm də avrokuboklarda çıxış edən komandaları izlədikcə tez-tez “Qarabağ”ın adına rast gəlirdim. Bu komanda daxili arenada da daim çempionluq uğrunda mübarizə aparır.

“Qarabağ”dan təklif gələndə Azərbaycanda çıxış edən hansısa həmyerlinizdən – braziliyalı futbolçulardan məsləhət aldınız?

- Riçard Almeyda ilə əlaqə saxladım. O, komanda haqqında olan bilgilərimi təsdiqlədi və burada hər şeyin mənim üçün yaxşı olacağını, bu transferin karyeramın uğurlu olması üçün düzgün seçim olduğunu bildirdi.

“Olimpiya” ilə cavab oyununa 2:0 hesablı üstünlüklə başlayacaqsınız. Artıq qrup mərhələsinə vəsiqəni təmin etdiyinizi düşünmək olar?

- İlk oyunda qazanılan 2:0 hesablı qələbə bir çox insanda elə təsəvvür yaradıb ki, artıq bu iş bitib. Amma demək olar ki, hələ ki işin yarısı görülüb. Yəni, son nöqtəni qoymaq üçün bizi evdə də ciddi sınaq gözləyir. Bunun üçün ilk oyundakı kimi fokuslanmalı və ciddi olmalıyıq. Yəni, eyni ciddiyyətlə son nöqtəni qoymalıyıq. Təbii ki, hədəfimiz qrup mərhələsinə düşməkdir. Amma işimiz tam bitməyib.

Hazırda “Qarabağ”da sizin mövqeyinizdə Marko Veşoviç də oynayır. Polşalı sağ cinah müdafiəçisi kifayət qədər səviyyəli oyunçudur. Özünüzü onunla rəqabətə hazır sayırsınız?

- Bəli, mövqe həmkarım haqqında məlumatlıyam. Təəssüf ki, zədə səbəbindən bir neçə həftəni buraxmalı olub. Ona tezliklə sağalmağı arzu edirəm. Amma istənilən halda, mən də rəqabətə hazıram və hiss edirəm ki, çox sağlam mübarizə olacaq. Mənə verilən imkandan maksimum dərəcədə istifadə etməyə çalışacağam. Əminəm ki, bu sağlam rəqabət həm hər ikimizin, həm də “Qarabağ”ın uğurlarına töhfə verəcək.

Xəbər 94 dəfə oxundu.