Azərbaycanın qrup hərəkətləri komandası dünya çempionatının finalına yüksəlib
İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Avropa çempionları, dünya çempionatının bürünc mükafatçıları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət yığmamız finala yüksəlib.

Qrup hərəkətləri komandası üç lent və iki topla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən, 12-ci pillədə qərarlaşaraq, həm “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya, həm də finala vəsiqə qazanıb.

Xəbər 118 dəfə oxundu.