Azərbaycanın ilk qadın dünya çempionu: “Medalımı məni cüdoya gətirən atama həsr edirəm”
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında tarixi nəticəyə imza atan Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova müsahibə verib

Azərbaycan cüdosunun tarixinə dünya çempionu olan ilk qadın idmançı kimi düşdünüz. Əvvəlcə təəssüratlarınızı bilmək istərdik.

- Bu qələbəyə çox sevinirəm, amma mənim üçün asan olmadı. Ən çətin döyüşüm finalda oldu. Çünki ilk qarşılaşmamız deyildi, hər ikimizdə yorğunluq var idi. Buna baxmayaraq, gərgin məşq sayəsində döyüşə çox yaxşı hazırlaşdım və qalib gələ bildim.

Həlledici qarşılaşmada fransalı Alisiya Pulanjı məğlub etdiniz. Görüşdən əvvəl qələbəyə inanırdınız?

- Döyüşə yaxşı köklənmişdim. Tatamiyə yalnız qələbə qazanmaq fikri ilə çıxmışdım.

Sizə qədər Azərbaycanda qadınlar arasında cüdo üzrə dünya çempionu olmayıb. Bu amil final görüşündən öncə üzərinizdə hər hansı təzyiq yaradırdımı?

- Açığı, qalib gəlsəm, Azərbaycanda qadın cüdoçular arasında ilk dünya çempionu olacağımı bilmirdim. Tarixi medal qazandığımı biləndən sonra qarışıq hisslər keçirdim, daha sevincli oldum.

Tarixi qələbədən sonra ilk təbriki kimdən aldınız?

- Təbii ki, ilk olaraq bütün məşqçilər korpusu, komanda yoldaşlarım və valideynlərim məni təbrik etdi. Bundan başqa, həm azərbaycanlı, həm də əcnəbi idmançılardan çoxlu sayda təbrik gəldi.

Uğurunuzun əsas sirri nədədir?

- Nailiyyətimi ilk növbədə çalışqanlıq, əzmkarlıq və nizam-intizama borcluyam.

Qələbənizi, qızıl medalınızı kimə həsr edirsiniz?

- Medalı məni bu idman növünə gətirən atama həsr edirəm.

Maraqlıdır, cüdoya gəlməyinizdə atanızın hansı rolu olub?

- Atam hələ uşaqlıqdan məni cüdoya göndərmək istəyirdi. Çünki özü də gənclik illərində bu idmanla məşğul olub. Mən cüdoya başlayanda nə vaxtsa çempion olacağıma əmin idi.

Cüdoya nə zaman və harada başlamısınız?

Rusiyada. On yaşımda cüdoya getdim və kiçik nailiyyətlər əldə etdim. 2021-ci ildə isə Rusiya çempionu olmuşam.

Hazırda Azərbaycanda, yoxsa Rusiyada yaşayırsınız?

- Mən indi Sumqayıt şəhərində yaşayıram. Buraya ailəmin yaşadığı Saratov şəhərindən gəlmişəm.

Bəs, necə oldu ki, Azərbaycan millisində çıxış etməyi seçdiniz?

- Vətənim üçün çıxış etmək istəyirdim. Bu işdə bizə Nazim Umbayev köməklik göstərdi.

Növbəti hədəfiniz nədir? Karyeranızı daha uğurlu etmək üçün başqa hansı məqsədləriniz var?

- Məqsədim yeniyetmələr və böyüklər arasında Avropa çempionu olmaqdır. Lakin bunun üçün daha çox çalışmalıyam.

Xəbər 84 dəfə oxundu.