Aslan Kərimov: “Qarabağ”ın səfərdə məğlub olacağına inanmıram
Bu gün bizi gərgin oyun gözləyir.

Bu sözləri açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Aslan Kərimov “Qarabağ”ın bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyada “Olimpiya”ya qarşı keçirəcəyi ilk oyun barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, komandalar arasında birinci matçın səfərdə olması Ağdam klubu üçün üstünlükdür: “Rəqib meydanında “Olimpiya”nı tanıyandan sonra evdə onlara qarşı oynamaq daha asan olacaq. Sloveniya klubu Polşa “Rakuv”u kimi kompakt müdafiə olunan, ehtiyac olduğu təqdirdə hücum edən komandadır. “Olimpiya” evdə oynayacağı üçün hücumları kəsərli ola bilər. Standart vəziyyət və əks-hücumlar zamanı diqqətli olmalıyıq. “Qarabağ”ın oyun üslubu elədir ki, matç ərzində üstünlüyü ələ alacaq, zaman-zaman boşluqlar tapıb, qol vurmağa çalışacaq”.

Kərimovun sözlərinə görə, qarşılaşma ilə bağlı proqnoz vermək çətindir: “Lakin “Qarabağ”ın məğlub olacağına inanmıram. Çünki Ağdam təmsilçisi hücum xəttində kifayət qədər güclü oyunçulara malikdir. Bu da bizim daha çox qol vurmağımıza zəmin yarada bilər. Rəqibin əks hücumları zamanı ehtiyatlı olmaq lazımdır”.

“Qarabağ”ın 2018/2019-cu illər mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya”nı mübarizədən kənarlaşdırdığını xatırladan Kərimov o vaxtkı komandanın indikindən qat-qat güclü olduğunu vurğulayıb: “Həmin vaxt “Qarabağ”ın heyətində daha yaxşı oyunçular var idi. “Olimpiya” komandasının da o vaxtdan indiyədək hansı səviyyədə dəyişdiyini deyə bilmərəm. Üstündən xeyli müddət keçib. Ona görə də həmin oyunla bugünkü matçı müqayisə etmək düzgün deyil. Çünki hər iki komandanın heyətində dəyişikliklər olub”

O, “Qarabağ” komandasının yeni transferləri – qapıçı Andrey Lunyovla, müdafiəçi Mateus Silvadan da söz açıb: “Mən onların “Qarabağ”a gəlməmişdən öncəki çıxışları ilə tanış olmamışam. Bu səbəbdən həmin futbolçular barədə nəsə deyə bilmərəm. Lakin onu qeyd edim ki, texniki heyət artıq Şahruddin Məhəmmədəliyevin qeyri-sabit çıxışının komandanın nəticələrinə mənfi təsir etdiyini anladı. Bu hal son dövrlərdə daha tez-tez yaşanırdı. Ümid edirik ki, bu oyunçular komandaya fayda verəcəklər”.

Qeyd edək ki, bu gün keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 124 dəfə oxundu.