“Araz-Naxçıvan”ın legioneri: Hazırda hər xal bizim üçün çox vacibdir
Son matçdakı nəticədən razı deyilik, amma keçirdiyimiz 3 rəsmi qarşılaşmaya diqqət yetirdikdə, düşünürəm ki, indi daha yaxşıyıq.

Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Miço Kuzmanoviç klubun rəsmi saytına açıqlamasında deyib.

Bosniya və herseqovinalı yarımmüdafiəçi bildirib ki, komandasına bir qədər vaxt lazımdır: “Əminliklə deyə bilərəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Komandamız yeni qurulub, formalaşma dövrünü keçir. Yeni komanda üçün bunlar normaldır. “Qarabağ”a qarşı mübarizəmiz də göstərdi ki, layiqli oyun nümayiş etdiririk. Deməli, düzgün yoldayıq”.

O, Premyer Liqanın III turunda “Qarabağ”la matçın (1:2) son dəqiqələrində qeydə alınan məğlubiyyətin yolverilməz olduğunu deyib: “Hazırkı məqamda hər xal bizim üçün çox vacibdir. Ona görə də elə məqamlar olur ki, düzgün davranmalı və qərar qəbul etməlisən. Futbol kollektiv oyundur. Hansısa məqamda fərdlər ön plana çıxa bilər. Bu gün lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram. Biz komandayıq, qalib gələndə hamımız sevinirik, uduzanda da məyus oluruq. Komanda yoldaşlarıma kömək edə bilirəmsə, nəticə qazanmaq üçün faydam toxunursa, xoşbəxtəm. Yenə deyirəm, yaxşı futbol göstərmək, azarkeşlərimizi sevindirmək istəyirik. Komandamızdakı digər legionerlər kimi mənim da müəyyən zamana ehtiyacım var. Həm də elə etməliyik ki, oyunumuz artan xətt üzrə getsin. Azarkeşlərimiz əmin olsunlar ki, daha da yaxşı oynayacağıq”.

Kuzmanoviç IV turda “Sumqayıt”a qarşı keçirəcəkləri görüşə də toxunub: “Çətin qarşılaşma olacaq, rəqibin oyun dəst-xətti haqqında geniş məlumatım yoxdur: “Müəyyən analizlər aparılacaq, baş məşqçimiz bizim üçün faydalı tapşırıqlar verəcək. Əlbəttə, istənilən halda meydana 3 xal qazanmaq üçün çıxacağıq. Rəqibimiz də yaxşı hazırlıq keçib. Onun nəticəsidir ki, keçirdikləri oyunlardan maksimum xalla ayrılıblar. Görünür, keyfiyyətli komandadır və bizimlə görüşdə də qələbə qazanmaq istəyəcəklər. Ancaq “Araz-Naxçıvan” da meydana eyni məqsədlə çıxacaq. Buna nail olmaq üçün mübarizəmizi sona qədər davam etdirəcək, bütün şanslarımızdan yararlanacağıq”.

Xəbər 99 dəfə oxundu.