Millimizin futzalçısı: Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik
Epizod zamanı çox rahat idim.

Bu sözləri “Araz-Naxçıvan” klubunun futzalçısı İsa Atayev Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində Türkiyənin “İstanbul Şişli” komandasına 9:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edən 34 yaşlı hücumçu vurduğu ilk qol barədə danışıb: “Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı qol alındı”.

Atayev bu gün Almaniya təmsilçisi “Yan Regensburq”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. Onlar da ilk oyunlarını keçirdilər. Rəqibləri liderliyə iddialı “Riqa” komandası idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalanadək üstünlüklərini qorudular. Sonda gücləri çatmadı”.

Təcrübəli oyunçunun sözlərinə görə, rəqib əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışır: “Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Yan Regensburq” görüşü Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Xəbər 79 dəfə oxundu.