Boksçularımız beynəlxalq festivalda finala yüksəliblər
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan boksçuları növbəti dəfə qələbə qazanıblar.

Yarımfinalda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Marjona Savriyeva rusiyalı Mariya Kuzmetova ilə mübarizədən qalib ayrılıb.

Daha sonra rinqə çıxan Zeynəb Rəhimova (54 kiloqram) Rusiyanın digər təmsilçisi Valeriya Linkovaya məğlub olaraq, bürünc medalla kifayətlənib.

Nicat Hüseynov (54 kiloqram) Qazaxıstan boksçusu ilə gərgin mübarizə şəraitində keçən döyüşdə rəqibini üstələyərək finala yüksəlib.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərhad Şeydayev rusiyalı Daniel Zıryanov ilə qarşılaşmada rəqibinə nokautla qalib gəlib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 123 dəfə oxundu.