“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”ın futbolçularını yaxşı tanıyıram”
“Qarabağ” favoritdir, büdcə baxımından onlarla müqayisə oluna bilmərik”.

Bunu Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi Joau Enrike “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Portuqaliyalı mütəxəssis Ağdam təmsilçisi barədə müsbət fikirlər səsləndirib: “Qarabağ”a baxanda çox yaxşı komanda görürəm. Onlar həm kollektiv, həm də fərdi şəkildə güclüdürlər. Lakin “Qalatasaray”a qarşı matçla müqayisədə şanslarımız artıb. Üstəlik, evdə çıxış edəcəyik. Avrokubokların qrup mərhələlərində oynamaq təcrübəsinə malik komanda ilə qarşılaşacağıq. Ancaq qrupa vəsiqə qazanmaq şansımız əvvəlkindən çoxdur”.

Enrike “Qarabağ”ın futbolçularını yaxşı tanıdığını vurğulayıb: “Məncə rəqib keyfiyyət baxımından “Ludoqorets”lə “Qalatasaray”ın arasındadır. Kollektiv şəkildə “Ludoqorets”dən güclüdürlər, lakin fərdi olaraq təxminən eyni səviyyədədirlər. Bəzi futbolçularını vaxtilə Portuqaliyada oynadıqları üçün tanıyıram. Düşünürəm ki, bizə çox təzyiq göstərəcəklər. Bu, güclü tərəflərindən biridir. “Qarabağ”ın müdafiə xətti də yüksək səviyyədə qurulub”.

Qeyd edək ki, avqustun 24-də “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 109 dəfə oxundu.