Qadın güləşçilərimiz idman festivalına uğurlu start verib
Azərbaycan idmançılarının Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında uğurlu çıxışları davam edir.

Qadın güləşçilərimiz yarışa qələbə ilə başlayıblar.

Dörddəbir finalda Birgül Sultanova (65 kiloqram) rusiyalı Alina Rıbkinanı son saniyələrdə məğlubiyyətə uğradaraq növbəti mərhələyə keçib - 7:6

Gültəkin Şirinova (53 kiloqram) Rusiyanın digər təmsilçisi Daria Xvostova üzərində 5:0 hesablı qələbə qazanıb və yarımfinala vəsiqə əldə edib.

Qeyd edək ki, avqustun 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 105 dəfə oxundu.