Azərbaycan triatlonçuları IRONMAN seriyasının növbəti yarışında iştirak ediblər
Danimarkanın paytaxtı Kopenhagendə dünyaca məşhur triatlon turniri IRONMAN (dəmir məsafə) seriyasının növbəti yarışı keçirilib.

Azərbaycan Triatlon Federasiyasından verilən məlumata görə, iştirakçılar 3,8 kilometr üzüb, 180 kilometr velosiped sürüb və 42 kilometr qaçıblar. Həm peşəkar, həm də həvəskarların qatıldığı turnirdə ümumilikdə 2500-ə yaxın idmançı gücünü sınayıb.

Yarışa Azərbaycandan yeddi triatlonçu qatılıb. Onlardan Aleksandr Mordasov, Samir Cavadov, Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov Triterra klubunu, Elçin Bəkirov isə Tristar klubunu təmsil ediblər.

Təmsilçilərimizdən ən yüksək nəticəyə Elçin Bəkirov imza atıb. O, finişə 9 saat 56 dəqiqə 6 saniyəyə çatıb. Kamran Əbilov və Samir Cavadov IRONMAN tituluna sahib olan idmançılar sırasına adlarını yazdırıblar.

Xəbər 113 dəfə oxundu.