Son 8 saniyədə Avropa çempionu olan idmançımız: Fikirləşdim ki, bayrağımız bu arenada dalğalanmalıdır
Çox sevinirəm ki, əziyyətim yerdə qalmadı.

Bu sözləri açıqlamasında Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa Paralimpiya Çempionatında Azərbaycana qızıl medal qazandıran parataekvondoçu Əbülfəz Abuzərli (80 kiloqram) deyib.

Final görüşündə inanılmaz əzmkarlıq nümayiş etdirərək 8 saniyəyə 6 xallıq fərqi aradan qaldıraraq qitə çempionu həmin anları bu cür ifadə edib: “İlk dəqiqənin tamamında sol ayağımdakı ciddi zədə bir az da özünü göstərdi. Çünki zərbə zamanı ayağım rəqibin dirsəyinə dəydi. Bu isə döyüş zamanı mənə çətinlik yaratdı. Görüşün sonlarında həyəcanım daha da artdı. Məğlub durumda idim. İnsanlara, tabloya baxdım. Hesabda geridə olmağıma baxmayaraq, içimdə fərqli hiss var idi. Bir anlıq gözüm zalda olan bayrağımıza sataşdı. Ağlıma gəldi ki, mən buraya qalib olub bayrağımızı ucaltmağa gəlmişəm. Ondan sonra nə baş verdiyini xatırlamıram. Yalnız onu fikirləşdim ki, bu bayraq bu zalda dalğalanmalıdır. Sona 8 saniyə qalmış əvvəlcə bir xal götürdüm, daha sonra rəqib döyüşdən yayındığı üçün mənə daha bir xal verdilər. Son 3 saniyədə isə heç nəyi fikirləşmədim, dedim, nə olacaqsa, olacaq. Ardıcıl 3 zərbə vurdum, ikisi dəqiq alındı. Həmin an tabloya baxmadım, zaldakı insanların, məşqçimin səsindən bildim ki, nəsə baş verib. Sevinirəm ki, əziyyətim yerdə qalmadı. Çünki yarışa çox yaxşı hazırlaşmışdıq”. O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Avropa çempionatında bütün idman növləri var idi. Sanki miniolimpiadaya qatılmışdıq.

Bütün rəqiblərim güclü idi. Onların heç birini zəif hesab etmirəm. Hamısını görüşdən öncə analiz etmişdim. İkinci və üçüncü döyüşüm ağır keçdi. Final qarşılaşması isə daha çətin alındı”.

Abuzərli qarşıda onu gözləyən nüfuzlu yarışlardan da söz açıb: “Niderlanddan birbaşa Cənubi Koreyaya yarışa gəlmişik. Buradan isə Fransanın paytaxtı Parisdə keçiriləcək Qran-Priyə gedəcəyik. Sentyabrda isə Meksikadakı Qran-Priyə qatılacağıq. Daha sonra bizi dünya çempionatı gözləyir. Təbii ki, bütün yarışlarda əlimizdən gələni etməliyik ki, ən gözəl medalları ölkəmizə qazandıraq. Əsas məqsədim Paris-2024 Yay Olimpiya oyunlarında bayrağımızı yüksəklərə qaldırmaqdır”.

Xəbər 117 dəfə oxundu.