İlqar Qurbanov: “Qarabağ” “Olimpiya” səddini də keçə bilər”
“Qarabağ”ın mərhələni keçməsi hər kəs üçün çox sevindirici hal oldu.

Bu sözləri açıqlamasında AFFA-nın baş skautu İlqar Qurbanov “Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada “HİK” komandasına 2:1 hesabı ilə qalib gəlməsi barədə danışarkən deyib.

Millimizin sabiq üzvü Ağdam təmsilçisinin Azərbaycanı avrokuboklarda hər zaman layiqincə təmsil etdiyini bildirib: “Təbii ki, “HİK”-lə keçirilən hər iki matçda qələbə çətin başa gəldi. İndi “Qarabağ”ı pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə oyunlar gözləyir. Rəqib çox güclüdür. Özünəməxsus oyun tərzi var. İlk qarşılaşmanın səfərdə olması rəqib üçün üstünlük təşkil edir. Lakin hər bir halda “Qarabağ” bu komandanı da keçə bilər. Şansların bərabər olduğunu düşünürəm”.

Qurbanov “Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə təmsilçisi “Beşiktaş”a uduzaraq mübarizəni dayandırmasına da münasibət bildirib: “Rəqib Bakıda inamlı qələbə qazandığı üçün cavab görüşünə çox rahat çıxmışdı. Evdəki məğlubiyyətə baxmayaraq, “Neftçi” səfərdə sonadək mübarizə apardı”.

O, “Sabah” klubunun Konfrans Liqasında Serbiyanın “Partizan” komandasına məğlubiyyətinə görə təəssüf hissi keçirdiyini vurğulayıb: “Bakı klubunun mərhələni keçəcəyini düşünürdüm. Şansları yüksək idi. Lakin Bakıdakı qələbə “Sabah”ı sanki arxayınlaşdırmışdı. Serbiya təmsilçisi xüsusilə ev oyunlarında çox yaxşı təsir bağışlayır. “Sabah” futbolçularının meydanda buraxdığı boşluqlar sonda məğlubiyyətlə nəticələndi”.

Xəbər 103 dəfə oxundu.