“Araz-Naxçıvan”ın legioneri: “Qarabağ”a qarşı oynamaq çətin olacaq
“Düzdür, qələbə qazandıq, amma rəqibimiz yaxşı komandadır.

Bu sözləri “Araz-Naxçıvan” komandasının futbolçusu Mohammed Kadiri Azərbaycan Premyer Liqasının II turunda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Qanalı yarımmüdafiəçi “qırmızı-qaralar”ın ötən Azərbaycan kubokunu qazandığını xatırladıb: “Eyni zamanda mövsümü 4-cü pillədə başa vurublar. Yəni, bu komanda Konfrans Liqasında iştirak etmiş kollektivdir. “Araz-Naxçıvan” isə qısa vaxtda yığışıb, hələ formalaşma dövrünü keçir”.

İlk turda “Turan Tovuz”a 0:3 hesabı ilə uduzduqları oyunu da şərh edən Kadiri “Qəbələ”yə qarşı daha yaxşı oynadıqlarını bildirib: “Razıyam, ola bilər “Turan Tovuz”la matçda bu cür çıxış edəcəyimizi gözləmirdilər. Həmin matçda da yaxşı oynadıq. Amma müqayisə etsək, məncə, “Qəbələ”yə qarşı daha üstün oyun göstərdik. Nəticə də fikrimi təsdiqləyir. Tədricən daha yaxşı oynayacağıq”.

Futbolçu növbəti oyunda üz-üzə gələcəkləri son Azərbaycan çempionu “Qarabağ” haqqında məlumatlı olduğunu söyləyib: “Bu komandanın gücünə də, qazandığı nəticələrə də bələdik. Əlbəttə, onlara qarşı oynamaq çətin olacaq. Amma çalışacağıq ki, rəqibə şans verməyək”.

Afrikalı yarımmüdafiəçi hələlik oyunlara tam hazır olmadığını vurğulayıb: “Bir müddət idi oynamırdım. Fərdi məşqlərlə kollektiv çalışmalar, eləcə də oyun keçirmək fərqlidir. Hazırda 75 faiz hazıram. Amma qısa vaxtda geriliyi aradan qaldıracağam və yüz faiz hazır olacağam ki, komandama istədiyim kimi kömək edə bilim”.

Vaxtilə Kiyev “Dinamo”sunda çıxış etmiş oyunçu Ukrayna klubundakı karyerasından da söz açıb: “Nə gizlədim, bu komandanın ölkəmizdə çoxsaylı azarkeşlərinin olması ilə bağlı informasiyam yox idi. “Dinamo” böyük klubdur. Ukraynada bu komandanın pərəstişkarları çoxdur. Azərbaycanda da “Dinamo”nu sevmələrin çox olması pis hal deyil. Vaxtilə bu komandada yaxşı günlərim olub”.

Kadiri sonda Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini də bölüşüb: “Bizi gərgin və maraqlı mübarizə gözləyir. Səviyyə baxımından komandalar yaxşı vəziyyətdədir. Hər kəs medallar və avrokuboklara vəsiqə uğrunda yarışır. Azarkeşlər üçün baxımlı, komandalar üçün isə gərin mövsüm keçəcək”.

Xəbər 70 dəfə oxundu.