Qadın voleybolçularımız Avropa çempionatına hazırlıqları başa vurub
Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlıqları başa vurub.

Komandamız təlim-məşq toplanışını keçdiyi Sloveniyada son olaraq Macarıstan yığması ilə bir neçə yoxlama oyunu keçirib.

Komandalar ilk olaraq dünən qarşılaşıblar. Bu matç fərqli formatda təşkil olunub. Belə ki, komandalar iki heyətə bölünərək yerdəyişmə əsasında eyni anda fərqli meydanlarda oynayıblar. Bu qarşılaşmaların birində millimiz 3:0 hesabı ilə qələbə qazanıb, digərində isə 2:3 hesabı ilə uduzub.

Bu gün isə Macarıstanla son oyunumuz baş tutub. Bu, həm də yarış öncəsi son yoxlama matçı olub. Görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iyundan hazırlıqlara start verən yığmamız bu müddətdə Bosniya və Herseqovina ilə üç (2:2, 3:1 3:1), Belarusla üç (4:0, 3:1, 3:1), Kamerunla bir (2:2), Sloveniya ilə iki (1:3, 3:2) və Macarıstanla üç (3:0, 2:3, 3:1) yoxlama matçı keçirib.

Beləliklə, millimiz qitə birinciliyinə hazırlıqları yekunlaşdırıb və sabah yarışda qrup oyunlarımızın keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə yola düşəcək.

Xəbər 88 dəfə oxundu.