Vüqar Həşimovun xatirəsi anılıb
İyulun 23-də Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Doğum günündə yaxınları, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, şahmatçının komanda yoldaşları ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən idman jurnalisti Sənan Şəfizadə görkəmli şahmatçı Vüqar Həşimovun qazandığı qələbələrdən, onun insani keyfiyyətlərindən söz açıb. Jurnalist bildirib ki, hər il V.Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirlər keçirilir. “Fikrimcə, Vüqar Həşimovun karyerası başa çatmayıb. Onun adına təşkil olunan yarışlar Azərbaycan şahmatının adını daim ucaldır”, – deyə vurğulanıb.

Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov Vüqar Həşimovun ölkə və dünya şahmatının inkişafında böyük işlər gördüyünü deyib. Nazirlik rəsmisi Vüqarın adının daim qəlblərdə yaşadığını qeyd edib.

Vüqar Həşimovun atası Qasım Həşimov göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib. Qasım Həşimov deyib: “Bu gün Vüqarın doğum günündə artıq 8-ci dəfə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək. Vüqarın xatirəsinə Memorial təşkil olunur, onun adına şahmat klubu var. Amma onun partiyaları ümumiyyətlə karyerası dərindən öyrənilməlidir. Vüqarın kompüterində dəyərli təhlillər, partiyalar var. Onların hamısı öyrənilməlidi, xüsusi nəşr kimi çap olunmalıdır”.

Qeyd edək ki, bu gün Vüqar Həşimov Şahmat Akademiyasında yeniyetmə və gənclər arasında sayca 8-ci beynəlxalq turnirə start verilib. Turnirdə ümumilikdə 144 şahmatçı iştirak edir.

Xəbər 99 dəfə oxundu.