Avarçəkmə üzrə Bakı çempionatında 70-dək idmançı mübarizə aparacaq
İyulun 14-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə avarçəkmə üzrə paytaxt çempionatı təşkil olunacaq.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.

Bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçiriləcək çempionatda paytaxtla yanaşı, Mingəçevirdən olan 70-dək yeniyetmə və gənc avarçəkən yarışacaq.

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar.

Yarışlar saat 17:00-dan etibarən başlayacaq. Bakı çempionatı bir gün davam edəcək.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.

Xəbər 140 dəfə oxundu.