Formula 1 mövsümünün onuncu mərhələsi Böyük Britaniyada start götürür
Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsi - Böyük Britaniya Qran-Prisi start götürür. Yarışlar “Silverstoun” avtodromunda keçiriləcək.

Hazırkı mövsümdə titul uğrunda mübarizədə “Red Bull” komandasından olan niderlandlı pilot Maks Ferstappenə üçqat dünya çempion adını qazanmağa mane olan intriqalar gözlənilmir. O, ötən doqquz yürüşdən yeddisində, o cümlədən son beş yürüşdə qalib gəlib və yaxın təqibçisi, öz komanda yoldaşı olan meksikalı Serxio Peresi 81 xal üstələyir. Niderlandlının ortağına isə şəxsi hesabda ikinci yeri qoruyub saxlamaq o qədər də asan olmayacaq: ispaniyalı Fernando Alonso (“Aston Martin”) və britaniyalı Luis Hamilton (“Mercedes”) yəqin ki, meksikalı ilə mübarizəyə çıxacaqlar.

“Silverstoun” trası Nortgemptonşirdə eyniadlı kəndin yaxınlığında yerləşir. İlk rəsmi Qran-Pri 1950-ci il mayın 13-də təşkil olunub və Formula 1 tarixində birinci olub. Avtodromun sxemi mövcud olduğu illər ərzində 9 dəfə dəyişib. Tras mürəkkəb, yüksəksürətli hesab edilir, sürətli döngələrə malikdir.

Böyük Britaniya Qran-Prisinin qaliblər üzrə rekordsmen Hamilton hesab olunur. O, ev mərhələsində 8 dəfə birinci finiş edib. Hazırkı pilotlardan Alonso (2006, 2011) və ispaniyalı Karlos Sayns da (oğul) (2022) qalib olublar. 2020-ci ildə 70 illik Qran-Prisi çərçivəsində Silverstounda Ferstappen qələbə qazanıb.

Bu gün sərbəst yürüşlərin birinci hissəsi başlayacaq. Şənbə günü üçüncü sərbəst praktika və təsnifat təşkil olunacaq. Mərhələnin proqramı bazar günü başa çatacaq.

Xəbər 151 dəfə oxundu.