Şəhid Mikayıl Mikayıllının xatirəsinə həsr olunmuş futbol turniri təşkil edilib
Şəhid Mikayıl Mikayıllının xatirəsinə həsr olunmuş həvəskarlar arasında “Qəbələ kuboku 5” futbol turniri keçirilib.

Bu barədə “Qəbələ” klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə baş tutan yarışda 8 komanda mübarizə aparıb.

Qrup mərhələsinin oyunları bir dövrədən, pley-off duelləri iki matçdan ibarət olub. Turnirin final görüşündə Mamaylı və Mirzəbəyli kəndlərinin komandaları üz-üzə gəlib.

Həlledici qarşılaşmada 1:0 hesablı qələbə qazanan Mamaylı komandası turnirin qalibi olub. Üçüncü yer uğrunda qarşılaşmada Yenikənd Nic üzərində 5:2 hesablı qələbə qazanıb.

Finaldan sonra baş tutan mükafatlandırma mərasimində “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov çıxış edib. O, şəhid Mikayıl Mikayıllının döyüş yolundan bəhs edib, qəhrəmanımızın gələcək nəsillərə örnək olduğunu bildirib.

Təltifetme mərasiminə şəhidin anası İradə Mikayılova və yaxınları, Qəbələdən olan digər şəhidlərimizin valideynləri, “Qəbələ”nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev də qatılıblar. Qalib komandaya kubok təqdim olunub. Mükafatçılar medal, diplom və hədiyyələrlə də təltif edilib.

Xəbər 103 dəfə oxundu.