Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar işə başlayıb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar işə başlayıb.

FIVB-nin Level 1 seminarı iyulun 7-dək davam edəcək.

Bu gün keçirilən açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova və FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme iştirak ediblər. Tədbirdə FIVB-nin təşkil etdiyi layihənin əhəmiyyətindən danışılıb, bu seminarın yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyi vurğulanıb. Qonaqlar bütün iştirakçılara uğurlar arzulayıblar.

Ümumilikdə 34 nəfərin iştirak etdiyi seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Almaniya və İrandan gələn mütəxəssislər də iştirak edirlər. Seminara türkiyəli Cengiz Akarçeşmə rəhbərlik edir. Mütəxəssisin assistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, millimizin də üzvü olan Tural Həsənlidir.

Seminar nəzəriyyə və təcrübədən ibarətdir. İyulun 7-də isə imtahan təşkil ediləcək. İmtahanın nəticələrinə uyğun olaraq bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq.

Xəbər 119 dəfə oxundu.