III Avropa Oyunları: Güllə atıcımız finala yüksələ bilməyib
Polşada keçirilən III Avropa Oyunlarında atıcıların mübarizəsi davam edir.

Bu gün qadınların tapançadan 25 metr məsafədən atəşaçma yarışında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan təmsilçisi Nigar Nəsirova da hədəf önünə keçib. O, təsnifatda iki günün yekununda 568 xal toplaya bilib. N.Nəsirova 35 iştirakçı arasında 25-ci yeri tutub. Bu nəticə ilə final raunduna yüksələ bilməyən snayperimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, final mərhələsinə 8 atıcı yüksəlib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə ediblər. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub

Xəbər 155 dəfə oxundu.