III Avropa Oyunları: Taekvondoçumuz Eltac Qafarov dörddəbir finala yüksəlib
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.

Turnirdə 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız səkkizdəbir final mərhələsində Mitsopoulo Atanasiya (Yunanıstan) ilə üz-üzə gəlib.

Qarşılaşma F.Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqib finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Digər idmançımız Eltac Qafarov (74 kq) isə Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün dörddəbir finala vəsiqə qazanıb.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 158 dəfə oxundu.