Daha iki atıcımız III Avropa Oyunlarında finaldan kənar qalıb
Daha iki atıcımız Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.

Qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışında iki təmsilçimiz hədəfi nişan alıb. Təsnifat mərhələsində 565 xal toplayan Nigar Nəsirova 25-ci yeri tutub. Nəzrin Abbaslı isə 557 xalla kifayətlənib. O, 38 iştirakçı arasında 35-ci olub. Hər iki idmançımız finaldan kənar qalıb.

Finala ən yaxşı səkkiz atıcı yüksəlib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Xəbər 150 dəfə oxundu.