III Avropa Oyunları: Atıcımız Ruslan Lunyov finala yüksələ bilməyib
Polşada təşkil olunan III Avropa Oyunlarında atıcılıq yarışlarına start verilib.

Azərbaycan təmsilçisi Ruslan Lunyov ilk sınağına çıxıb.

O, 10 metr məsafədən tapança ilə atəşaçma yarışında gücünü sınayıb. Seçmə mərhələdə 577 xal toplayan R.Lunyov 11-ci yeri tutaraq finala adlaya bilməyib. O, mükafatlar uğrunda yarışacaq 8 snayper arasına düşməyib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Xəbər 146 dəfə oxundu.