Quru Qoşunlarında idman birinciliyi keçirilir
Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma, sərbəst güləş və cüdo birinciliyi keçirilir.

Əvvəlcə birinciliyin püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Birinciliyin açılış mərasimində öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar.

Bildirilib ki, idman kompleksində keçirilən yarışlarda 7 komanda olmaqla ümumilikdə 40 idmançı mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının beynəlxalq və respublika dərəcəli hakimləri tərəfindən idarə olunan yarışlar iyunun 23-dək davam edəcək.

Xəbər 130 dəfə oxundu.