Azərbaycan idmançıları Polşada keçiriləcək III Avropa Oyunlarına yola düşüblər
İyunun 20-də Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yola salınması mərasimi olub.

Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olunacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.

Xəbər 131 dəfə oxundu.