Görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilmələri ilə bağlı müzakirələr aparılıb
Almaniyanın paytaxtı Berlində Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, qurumun prezidentliyə namizədi İlqar Rəhimov arasında görüş keçirilib.

Görüş zamanı iyunun 30-da Portuqaliyanın Fatima şəhərində IBSA-nın növbəti Baş Assambleyası və tədbir çərçivəsində keçiriləcək seçkilər ətrafında müzakirələr aparılıb.

İlqar Rəhimov seçkilərdə IBSA-nın prezidentliyinə namizədliyinin irəli sürülməsi, eyni zamanda, hazırladığı islahatlar paketi barədə məlumat verib. İ.Rəhimov bildirib ki, islahatlar IBSA-nın fəaliyyətinin daha da genişləndirilməsi, şəffaflığın təmin olunması, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi ilə bağlı işlərin aparılması və digər istiqamətlərdə də nailiyyətlərin qazanılması üçün önəmlidir. O, görmə məhdudiyyəti olan idmançıların “Paris 2024” XVII Yay Paralimpiya Oyunlarında iştirakı barədə də fikirlərini bölüşüb.

IPC-nin prezidenti Endrü Parsons öz növbəsində İlqar Rəhimovun IBSA-da dayanıqlı inkişafı təmin etmək məqsədilə qurumda müxtəlif istiqamətlərdə bir sıra dəyişikliklərin və yeniliklərin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək, ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb. Tərəflər arasında dünyada görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, xüsusilə Cənubi Amerika, Asiya və Afrika ölkələrində bu istiqamətlərdə işlərin aparılmasının vacibliyi qeyd olunub. E.Parsons bu istiqamətdə IPC-nin IBSA-ya lazım olacaq dəstəyi göstərəcəyini vurğulayıb. IPC prezidenti həm də Azərbaycanda paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərə görə İlqar Rəhimova öz təşəkkürünü bildirib.

Xəbər 101 dəfə oxundu.