Ruslan İrqaşev: Kişi idman gimnastlarımızı qarşıda bir sıra mötəbər yarışlar gözləyir
Milli Gimnastika Arenasının məşq zalında kişi idman gimnastlarının təlim-məşq toplanışı davam edir.

iyulun 7-dək davam edəcək məşqlərə “Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Gimnastika Məktəbi və Sumqayıtı təmsil edən 11-13 yaş qrupu üzrə 20 idmançı cəlb olunub.

Hazırlıq prosesinin təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin, peşəkar bacarıqlarının artırılmasıdır.

İyunun 19-da gimnastların KİV nümayəndələri üçün açıq məşqi olub. İdman gimnastikası üzrə yığma komandanın baş məşqçisi Ruslan İrqaşev komandanın hazırlığı barədə ətraflı danışarkən deyib: “Təlim-məşq toplanışı gimnastların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Burada biz gənc idmançıları yoxlayırıq. Peşəkar səviyyədə idmanla məşğul olan hər bir idmançı gənc yaşlarından məşq yükünə, gün ərzində üç dəfə keçirilən məşqlərə uyğunlaşmalıdır. İdmançılar Milli Gimnastika Arenasında gün ərzində 3 dəfə qidalanır, vitaminizasiya ilə təmin olunur və bərpaedici məşqlərdə iştirak edirlər. Gərgin məşqlərlə yanaşı, onların bərpa olunmaları da çox vacib amildir”.

Baş məşqçi yığma komandanın üzvlərini qarşıda bir sıra mötəbər yarışların gözlədiyini bildirərək deyib ki, yığma komandamızın üzvü Aydın Əlizadə iyulun sonunda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşır. Daha sonra idmançılarımızı Çində keçiriləcək Yay Universiadası gözləyir. Bu yarışda yığma komandamızın üzvləri İvan Tixonov və Nikita Simonov güclərini sınayacaq. Hər iki idmançımız avqust və sentyabr aylarında keçiriləcək dünya kuboku yarışlarında və Olimpiya Oyunlarına iştirak hüququ verəcək dünya çempionatında çıxış edəcəklər.

Xəbər 130 dəfə oxundu.