“Qəbələ” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
“Qəbələ” futbol klubunun 2023-2024-cü il mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Komanda iyunun 24-də Qəbələdə bir araya gələcək. İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komandamız Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

“Qəbələ”nin Türkiyə toplanışının müddəti UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də Vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.

Xəbər 119 dəfə oxundu.