Güləşçimiz Ruzanna Məmmədova U-17 Avropa çempionatının finalına yüksəlib
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olub.

Digər təmsilçimiz Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türk Aslı Köleni tam üstünlüklə məğlub edib. R.Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabı ilə qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.

Xəbər 138 dəfə oxundu.