Azərbaycan idmançılarının üçüncü Avropa Oyunlarına yollanacağı tarix açıqlanıb
İyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Oyunların yarışları Polşanın 8 şəhərində keçiriləcək.

Bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov iyunun 14-də təşkil olunan mətbuat konfransında deyib.

Elnur Məmmədov bildirib ki, Azərbaycan Oyunlarda idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda 86 idmançı ilə təmsil olunacaq.

“Azərbaycan nümayəndə heyəti Polşaya iyunun 20-də çarter reysi ilə yola düşəcək, iyulun 3-də isə Vətənə qayıdacaq. Yarışları işıqlandırmaq üçün ölkəmizdən 26 media nümayəndəsi də yollanacaq. III Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də, bağlanışı isə iyulun 2-də Polşanın Krakov şəhərində keçiriləcək”, - deyə E.Məmmədov əlavə edib.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci Avropa Oyunları isə 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilib. Azərbaycan 285 idmançı ilə təmsil olunduğu ilk oyunlarda 56 medal, ikinci oyunlarda isə 82 idmançı ilə 28 medal qazanıb.

Xəbər 155 dəfə oxundu.