“Neftçi” klubunun basketbolçusu: Ölkəmizi təmsil etməkdən və qazanılan qələbədən xoşbəxtəm
Bakının “Neftçi” klubunun oyunçusu Dina Ulyanova Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışında qələbə ilə bağlı təəssüratını bölüşüb.

Basketbolçu jurnalistlərlə söhbətində deyib: “Ölkəmizi təmsil etməkdən və qazanılan qələbədən xoşbəxtəm. Mən qalib gələcəyimizi hiss edirdim. Meydançaya çıxdım və əmin idim ki, biz ev sahibiyik və qələbə bizim olmalıdır”.

Onun sözlərinə görə, öz evində keçirilən hər hansı matç idmançılara əlavə stimul verir. Basketbolçu əlavə edib: “Eyni zamanda, Şuşada ilk dəfə çıxış etdiyimizi nəzərə alsaq, bu, böyük məsuliyyət deməkdir”.

Oynanılan matçlardan danışan Dina Ulyanova qeyd edib ki, yarışların ilk gününün üçüncü matçı bir az çətin olub, çünki bir tərəfdən yorğunluq vardı, digər tərəfdən isə hava çox isti idi.

Bakı klubunun təmsilçisi, həmçinin komandanın gələcək planlarından da bəhs edib: “Biz bütün mümkün mərhələlərdə iştirak edəcəyik. İndi məşqlərin olacağı ikigünlük fasilə başlayır, ondan sonra isə biz Kiprdə keçiriləcək Avropa çempionatının təsnifat oyunlarına yollanırıq”.

Çərşənbə axşamı “Neftçi” klubu Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışının qalibi olub. Bakı klubu final matçında Niderland komandası ilə qarşılaşıb. Görüş 20:12 hesabı ilə “Neftçi”nin qələbəsi ilə başa çatıb.

Xəbər 144 dəfə oxundu.